Relyasiyalı verilənlər bazası
Relyasiyalı verilənlər bazası – verilənlər bazasının və verilənlər bazasının idarəolunması sisteminin elə növüdür ki, informasiya cədvəllərə yazılıb, cədvəldə verilənlərin axtarışı üçün isə başqa cədvəlin sütunlarındakı verilənlərdən istifadə olunur. Relyasiyalı verilənlər bazasında cədvəllərin sıraları yazılar (ayrıca element haqqında informasiya toplusu), sütunlar isə sahələrdir (yazının ayrı-ayrı atributları). Axtarış zamanı relyasiyalı verilənlər bazası bir cədvəlin sahəsinin informasiyasını başqa cədvəlin uyğun sahəsində olan informasiya ilə əlaqələndirir və nəticədə hər iki cədvəlin sorulan verilənlərinin kombinasiyasından ibarət üçüncü cədvəl yaranır. Məsələn, bir cədvəldə VƏZIFƏ, SOYAD, AD, STAJ sahələri, başqasında isə ŞÖBƏ, VƏZIFƏ və ƏMƏK HAQQI sahələri varsa, relyasiyalı baza hər iki VƏZIFƏ sahəsini elə əlaqələndirə bilər ki, müəyyən stajı olan bütün işçiləri, yaxud müəyyən tarixdən sonra işə qəbul olunmuş işçilər olan şöbələri tapmaq mümkün olsun. Başqa sözlə, relyasiyalı verilənlər bazası bir cədvəldəki informasiyanı başqa cədvəldəki informasiya ilə əlaqələndirmək üçün iki cədvəldəki uzlaşan qiymətlərdən istifadə edir. Bax: RDBMS.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.